Bütün həyatlarını Allaha həsr
edən və qəlbən Ona təslim olan möminlərin dünyadakı yeganə məqsədləri Allahın
razılığını, rəhmətini və cənnətini qazanmaqdır. "De: “Mənim namazım da,
ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 162) ayəsində bildirildiyi kimi, möminlər hər davranışlarında və hər işlərində
Allahın razılığını qazanmağı hədəf seçirlər. Möminlər sahib olduqları hər şeyi
Allahın razılığını qazanmağa sərf edir və sevgilərini də ancaq Allaha həsr edirlər.
Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid
olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an
hiss edən bir möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək dərəcədə
güclüdür. Allah Bəqərə surəsində möminlərin Özünə olan güclü sevgisi ilə
müşriklərin sevgi anlayışları arasındakı fərqi belə bildirir:İnsanların içərisində
Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır.
Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.... (Bəqərə
surəsi, 165)
Ayədə bildirildiyi kimi,
insanların bir qismi Allaha ortaq qoşur və digər varlıqları Allahı sevdikləri kimi sevirlər (Allahı tənzih
edirik). Möminlər isə heç bir insanın, maddənin və ya canlının həqiqətdə özünə aid bir gücü, ya da
gözəlliyi olmadığını bilirlər.
Bunların hamısını sahib
olduqları bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç
bir canlı öz gözəlliyini meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi və ya
bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir ömürlə yaradan və əcəlləri
gəldiyində hamısını yox edəcək olan Allahdır, hər gözəllik yalnız
Allahın hakimiyyətindədir.
Bu səbəbdən mömin
qarşılaşdığı bütün gözəllikləri,
insanları, heyvanları, təbiəti Allahın yaratdığını dərk edərək sevir. Onun əsl
sevgisi bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlmişdir.
Peyğəmbərimiz də möminlərə
bir-birlərinə qarşı duyduqları
sevginin Allah rizası üçün olmasının gərəkli olduğunu xatırlatmışdır:
Hz. Əbu Zərr (radiallahu ənh) izah edir: "Rəsulullah (s.ə.s) buyurdu ki: "Əməllərin ən fəzilətlisi Allah üçün sevmək,
Allah üçün nifrət etməkdir." (Kutubu Sittə, X cild, s. 140; Əbu Davud, Sünnə 3, 4599)
"İman
bağlarının ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənlik, Allah üçün
sevgi, Allah üçün nifrətdir." (Kutubu Sittə, 10-cu cild, s. 141)
Allaha ortaq qoşan şəxs bir insanın gözəlliyini
tərifləyərkən bu gözəlliyin o adama aid olduğunu sanır. Bu, bir rəsm
sərgisinə gedən və bəyəndiyi bir tablonun
gözəlliyinin o tabloya aid olduğunu sanaraq həmin tablonu tərifləyən insanın vəziyyətinə
bənzəyir. Halbuki əsl
təriflənməsi lazım olan tablonu çəkən rəssamdır. Bu səbəbdən,
bir insan bəyəndiyi bir gözəlliklə qarşılaşdığında, xoşuna gələn bir səs
eşitdiyində, bir yeməkdən zövq aldığında dərhal bu gözəllikləri yaradan
Rəbbimizi düşünməli, sevgisini, məmnuniyyətini
və şükrünü ONA yönəltməlidir. Allaha şirk qoşmadan iman edənlər sahib
olduqları hər şeydə Allaha borclu
olduqlarını bildikləri üçün Allaha çox güclü bir sevgi ilə
bağlıdırlar.
Allah Quranda Hz. İbrahimin müşrik olan qövmünə belə
səsləndiyini bildirir:
(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı
qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət
günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz
cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”
(Ənkəbut surəsi, 25)
Ayədə bildirildiyi kimi, Allaha ortaq qoşanların dünya həyatında bir-birlərinə duyduqları bağlılıq axirətdə
böyük bir nifrətə çevriləcək. Bunun səbəbi Allahı
unudaraq bir-birlərini həyatlarının ən böyük məqsədi hesab
etmələridir.
Allah bunun əvəzində bu insanların şirk içindəki sevgi və bağlılıqlarını axirətdə
sonsuza qədər davam edən kin və nifrətə çevirəcək.
Quranda dünya həyatına aid malı, ya da insanların
sevgisini qazanmağı Allahın rizasından daha üstün tutan
insanlar belə xəbərdar edilir:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız,
övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz
ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah
yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.
Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə Surəsi, 24)
İman edənlər dünya həyatının bəzəklərinin Allaha aid olduğunu
bilir və bunları ancaq Allahın təcəllisi
olaraq sevirlər. Məsələn, möminlərdə Allahın bəyəndiyi
gözəl əxlaq təcəlli etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə
qarşı duyurlar. Bu sevgi soy, irq kimi
yaxınlıqlara, ya da hər hansı bir mənfəətə əsaslanmır. Pulun, mövqeyin,
mədəniyyətin və ya maddi dəyərlərin də
heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasındakı bu sevgini Quranda belə
bildirir:
Onlardan (mühacirlərdən) əvvəl yurd salmış və iman gətirirmiş
kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə
ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən
üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr
Surəsi, 9)
Ayədə bildirildiyi kimi, möminlər iman edən hər kəsi öz
qardaşları kimi qəbul edirlər. Bir başqa möminin yaxşılığını,
rahatlığını təmin etmək üçün heç bir fədakarlıqdan çəkinmirlər. Möminlərin bu sevgi
anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilər.
Peyğəmbərimiz sevginin əhəmiyyətini və həqiqi sevgini yaşayan möminlərin üstünlüklərini bir hədisində
belə ifadə etmişdir:
Hz. Ömər (radiallahu ənh) izah edir:
"Rəsulullah (s.ə.s.) buyurdu ki: "Allahın
qulları arasında bir qrup var ki, onlar
nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Üstəlik
qiyamət günü Allah qatındakı mövqelərinin ucalığı
səbəbi ilə peyğəmbərlər də,
şəhidlər də onlara qibtə edərlər. "Orada olanlar soruşdu: "Ey Allahın Elçisi! Onlar kimdir, bizə xəbər ver!" "Onlar aralarında nə qan qohumluğu, nə
də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda Allahın adına bir-birlərini sevənlərdir. Allaha and içirəm, onların üzləri mütləq nurludur. Onlar bir nur üzrədirlər. Xalq
qorxarkən, onlar qorxmazlar. İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər. (Kutubu
Sittə, 3345)
Sevgi kimi böyük bir neməti
möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır. Allah Hz. Yəhyaya Öz Qatından
bir sevgi həssaslığı verdiyini belə bildirir:
“Ey Yəhya! Kitabdan bərk
yapış. Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir
mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. (Məryəm Surəsi, 12-13)
Bir başqa ayədə isə Allah iman
edib yaxşı işlər görənlərə Öz Qatından bir sevgi bəxş edəcəyini xəbər
vermişdir:
Həqiqətən, iman gətirib
yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm Surəsi, 96)
Burada çox əhəmiyyətli bir
mövzunun üzərində dayanmaq lazımdır. Allahın razılığına görə sevən bir insan ən
gözəl əxlaqlı, Allaha ən çox bağlanan, ən təqva sahibi olan kimsəni hər kəsdən
çox sevər. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) bütün möminlər üçün ən sevimli və
ən yaxın dostdur.