2010/07/30

ELİT QADIN XARAKTERİ

Cahiliyyə əxlaqının yaşandığı cəmiyyətdə kübar cəmiyyət olaraq adlanan qrupda formalaşan qadın xarakteri, əslində "evdar qadın xarakteri"ndən çox fərqlənmir. Şəxsiyyət  xüsusiyyətləri və vərdişləri bir-birinə çox bənzərdir. Ancaq kübar cəmiyyət mühitindəki  imkanların fərqli olması, fərqli vərdişləri də özü ilə gətirir.
Bu kəslər yaşadıqları mühitə uyğunlaşmanın  narahatlığını yaşayırlar. Bu səbəblə də öz istəkləri, zövqləri ya da vərdişləriylə deyil, daha çox ətraflarındakı insanların yəni kübar cəmiyyətin istədiyi kimi hərəkət edirlər. Kübar cəmiyyətin çoxunun istəkləri isə pul və özünü göstərməkdən ibarətdir. Bu səbəblə bu həyat tərzini mənimsəyən qadınlar əvvəlcə kübar cəmiyyətdə dəbdə olan maraqları öyrənmək və mümkün olduğu qədər  bu həyata uyğunlaşmağa çalışırlar.
Məsələn, hamının getdiyi turizm mərkəzlərinə getmək, tanınmış dərzilərə paltar tikdirmək, bahalı gözəllik ya da solarium  salonlarında dedi-qodu etmək, lüks restoranlarda nahar etmək, bahalı mağazalardan, ya da xaricdən alış-veriş etmək, ən əhəmiyyətlisi də bütün bunlarla bir-birlərinə “özünü göstərmək” kübar cəmiyyət qadınlarının əksəriyyətinin dünyasını qısaca anlatmaq üçün kifayətdir.

Kənardan  baxıldığında çox rəngli həyatları varmış kimi görünsə də, əslində onların həyatı da ən az evdar qadınlarınkı qədər monoton və sıxıntılıdır. Hər gün günortaya qədər yatdıqdan sonra gündəlik qəzetlərin maqazin səhifələrinə və kübar cəmiyyət xəbərlərinin yazıldığı maqazin jurnallarına nəzər salır və ardından da gündəlik proqramlarını yerinə yetirməyə başlayırlar. Gün ərzində axşam gedəcəkləri görüşdə nə geyəcəklərini düşünür, gözəllik salonuna  gedir , sonra da gecə səhərə qədər bu görüşlərdə vaxtlarını keçirirlər. Burada keçirdikləri vaxt da, süni nümayişlə, süni gülüşlərlə, bir-birlərinə özünü göstərmə  səyiylə keçən sıxıntı və əzab dolu vaxtdır. Səhər isə, gecə həyatının verdiyi yorğunluq  səbəbiylə ümumiyyətlə narahat  bir yuxunun ardından baş ağrısıyla oyanırlar.

Onların gündəlik həyatlarında, evdar qadınların yerinə yetirməli  olduğu ev təmizliyi, uşaqlara baxmaq  kimi qayğılar daha az yer tutur. Ümumiyyətlə bu məsuliyyətləri köməkçilərinə buraxırlar. Ancaq heç bir məsuliyyət daşımamaları  yaşadıqları məsuliyyətsiz xarakterin daha da böyüməsinə səbəb olur. Həyatda əldə etmək istədikləri hər şeyin önlərinə hazır halda gəlməsi, uşaqlarının, evlərinin başqaları tərəfindən idarə olunması və özlərindən "elit " olmaqdan başqa bir şey gözlənilməməsi onları çox qısa zamanda təminsizliyə və boşluğa aparır. Əldə etmək istədikləri bir şeyə sahib olar olmaz, istəklərini və şövqlərinin itirirlər. Bunun ardından dərhal yeni bir şeyə özünü qapdırır, onun arxasından qaçmağa başlayırlar. Maddi mənada istədikləri çox şeyə sahib olurlar, ancaq heç vaxt mənən rahat ola bilmirlər. Nə evliliklərində, nə də dostluqlarında sədaqət, etibarlılıq, sevgi, hörmət kimi xüsusiyyətləri tapa bilmirlər.

Göründüyü kimi həlli bu xarakterdə axtaran kəslər də əslində yenə boşluq  və narahatlıq yaşayırlar. Dünya həyatının bütün imkanlarını istifadə etdikləri  halda xoşbəxt ola bilmirlər. Kübar cəmiyyətin müəyyən bir qismində yaşanan degenerasiyanın təsiri bütün həyatlarına əks olunur. Belə həyatda, ümumiyyətlə yalançılıq, saxtakarlıq, sadəlik kimi hər cür əxlaqsızlıq son dərəcə normal qarşılanır. Bu pis əxlaqı yaşayan insanların əxlaq pozuqluqları dönüb dolanıb özlərinə zərər verəcək hala gəlir. Özləri dedi-qodu edirlər amma başqaları da onların arxasınca danışır. Şəxsi həyatları haqqındakı hər cür detal hətta bəzən də əsassız böhtanlar asanlıqla ətrafa yayılır. Ən yaxın yoldaşlarına verdikləri bir sirr səhəri gün maqazin jurnallarında başlıq olur. Onlar başqalarına qarşı süni bir sevgi və saxta bir dostluq anlayışıyla yanaşır. Amma özləri də eyni şəkildə qarşılıq görürlər. Heç vaxt həqiqi, səmimi dostları olmur.  Heç kimdən səmimi sözlər eşidə bilmirlər. Edilən hər iltifat, deyilən hər söz sünidir. Nə dostluqlarında, nə də evliliklərində əsla sədaqəti yaşaya bilmirlər. Yoldaşları da daxil olmaqla kimsəyə güvənmirlər. Seçdikləri bu həyat  tərzi də digər cahiliyyə xarakterləri kimi din əxlaqından uzaq sistemin bir məhsuludur. Bu səbəblə də mütləq çıxılmaz bir vəziyyətdədirlər. Ancaq bütün həyatları boyu yaşadıqları sıxıntılı mühitə baxmayaraq xoşbəxtliyi yenə də dində, gözəl əxlaqı yaşamaqda axtarmazlar. Eyni yalnış sistem içində çıxış yolu tapmağa çalışırlar, amma bunda müvəffəqiyyətli ola bilmirlər; get-gedə daha da çıxılmaz vəziyyətə düşürlər.

Bütün bunlar, sözü gedən insanların Qurandan üz çevirmələri səbəbiylədir. Yaradıcımız olan Uca Allahın əmr etdiyi şəkildə yaşamadıqları üçün  əsla  hüzurlü  bir  mühit əldə edə bilməzlər. Allahı xatırlamadıqları üçün, "... Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar! " (Rə'd Surəsi, 28) ayəsinin də bildirdiyi kimi  ürəkləri heç vaxt hüzur tapa bilməz, daxildəki sıxıntı  və narahatlıqdan xilas ola bilməzlər. Yaradılış məqsədlərinə uyğun həyat seçmədikləri üçün bu vəziyyətə düşmüşlər. Əgər onlar Allahın bəyəndiyi həyatı və ONun əmr etdiyi əxlaqı yaşamış olsalar, şübhəsiz ki, gözəl bir həyatla qarşılıq görəcəklər. Ayələrdə Allahın bu vədi belə bildirilmişdir:

Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl Surəsi, 30)


Açıqdır ki, Allahın əmr etdiyi əxlaqı yaşayan və saleh möminləri dost bilən insan bu cür  etibarsız mühitdə yaşamaq məcburiyyətində qalmaz. Mütləq etibarlı, sadiq, dürüst və səmimi insanlardan ibarət olan topluluqda yaşayar və cahiliyyə sistemində olan  etibarsızlıqların və qorxuların heç birini görməz. Çünki Quran əxlaqının hakim olduğu bir mühitdə hər mömin mütləq gözəl əxlaq göstərməyə cəhd göstərər və yenə gözəl bir qarşılıq alar:

Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl Surəsi, 97)