2010/07/24

MƏNFƏƏTƏ ƏSASLANAN DOSTLUQLAR

Bir çox insan qəbul etmək istəməsə də, bəzi insanlar münasibətlərində mənfəət axtarırlar. Bu qəbildən olan insanlar özlərinə mənfəət verə bilən bir insanla qarşılaşdıqlarında hiss etdikləri həyəcanı "sevgi" hesab edirlər. Halbuki ürəklərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları "ehtiraslı bir həvəsdir". Belə ki, bir çox insanın qarşısındakı adama olan sevgisi bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan meydana gətirdiyi üçün həyəcan da zəngin olan adama qarşı duyulur.
Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, bu hiss sevgi deyil, yalnız dünya malına qarşı duyulan ehtirasdır. Zəngin olan bir adamın əxlaqi xüsusiyyətləri bu dünyagörüşə sahib olan insanlar üçün əhəmiyyət daşımır. Bu səbəbdən əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, mənfəətçi, səmimiyyətsiz, düşüncəsiz olsa belə, zəngin və ya şöhrətli olması bu adama maraq göstərilməsi üçün kafi olur.
Bəzi insanlar isə onları əyləndirən insanlarla birlikdə olmaq istəyirlər və "mənimlə yoldaş  olacaq adamın məni güldürə bilməsi lazımdır" kimi mülahizələr yürüdərək bunu etiraf edirlər. Bu səbəbdən, belə yaxınlıq da sevgiyə əsaslanmır, yalnız bir mənfəətdən ibarət olur. İnsanın nəfsi gülmək istədiyi üçün özünü güldürəcək biri ilə birlikdə olmaqdan zövq alması onu sevdiyini bildirməz. Lakin bir çox adam mənfəət əldə etməkdən duyduqları bu rahatlığı sevgi ilə qarışdırır və bu insanı çox sevdiyini iddia edirlər.
Bəziləri isə gözəl insanlarla birlikdə görünmənin özlərinə etibar qazandıracağına inanırlar. Bu səbəbdən gözəl insanları özlərinə yoldaş seçirlər, ölçüləri qarşılarındakı adamın boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətlər olur. Gözəllik olduqdan sonra o insan üçün bu adamın ağlı, vicdanı və ya insani xüsusiyyətləri heç bir əhəmiyyət daşımır. Belə sevgi bu insanlar üçün "bu adamın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm" mənasını  daşıyır. Gözəllik getdiyində isə həmin adamın ruhu bu şəxs üçün heç bir əhəmiyyət kəsb etmir. Qarşısındakı adam gözəl olduğu üçün onun mərhəmətsizliyini, incə düşüncəli olmamasını, ya da insanlara qarşı təkəbbürlü olmasını görməməzliyə vurur.
Bəzi insanların ən əhəmiyyətli gördükləri mənfəətlərdən biri isə öz ifadələri ilə desək, "həyat zəmanəti" əldə etməkdir. Bir çox insanın gələcəyini zəmanət altına ala bilməməsi, tək yaşamaq məcburiyyətində qalması, iqtisadi baxımdan möhtac olması, xəstələndiyində özünə baxacaq birini tapa bilməməsı kimi narahatlıqları vardır. Bəziləri bu vəziyyətdən çıxış yolu olaraq evliliyi görürlər. Bu səbəbdən də bu xüsusiyyətlərə sahib olduğunu düşündükləri adama bağlanır və onu itirmək istəmırlər. "Gələcək qorxusu" üzərinə qurulan bu birliyi isə çox vaxt həqiqi sevgi zənn edirlər.
Həyatları boyunca bu adamın xoşlanmadıqları şeylərə yalnız bu narahatlıqları üzündən dözmək məcburiyyətində qalırlar. Qonşuları, ya da yoldaşları ilə dərdləşir, vəziyyətlərindən şikayətlənirlər, amma soruşulduğunda yalnız mənfəət gözlədiklərindən yoldaşlarını çox sevdiklərini söyləyirlər. Halbuki Quran əxlaqına uyğun olaraq yaşanan həqiqi sevgidə heç bir şəkildə bir qarşılıq gözləməsi mümkün deyil. İnsan qarşısındakını mənfəət gözləmədən o adamda Allahın təcəllilərini gördüyü  üçün, böyük bir fədakarlıq və coşğu ilə sevir. Onun əleyhinə heç bir zaman söhbətlər etmir. Səmimi sevgisindən dolayı ancaq onu tərifləyən, qoruyan söhbətlər edir. Ona qarşı heç bir zaman zorakı bir dözüm içində olmur, acizlikləri, ya da əksiklikləri ilə qarşılaşsa belə, ona qarşı şəfqət və mərhəmət duyur, əksiklərini səssizcə, hiss etdirmədən bağışlamağa çalışır, hər an onu rahatlatmaq istəyir, hər istədiyini zövqlə və şövqlə yerinə yetirir. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edir.