2010/07/26

QADINLARIN CƏMİYYƏT HƏYATINDA YAŞADIĞI ÇƏTİNLİKLƏR


Dindən uzaq cəmiyyətlərdə qadınların qarşı-qarşıya qaldıqları ən böyük problemlərdən biri də boşanmadan sonra yaşanan çətinliklərdir. Evləndiklərində həyat yoldaşları tərəfindən iş haqqı tanınmayan və bu səbəblə maddi cəhətdən həyat yoldaşlarından asılı yaşamaq məcburiyyətində qalan qadınlar boşandıqlarında son dərəcə çətin vəziyyətdə qalırlar.
Dünyada boşanan qadınların bəziləri hər hansı bir peşəyə sahib olmadığı, bəzilərinin  yaşlı olması səbəbindən iş gücü qalmadığı, bəziləri isə heç bir əlavə ictimai haqq tanınmadığı üçün böyük çətinliklər çəkir. Bundan başqa, boşandıqdan sonra hər iki tərəfin özünə görə tələblərinin olması, tərəflərin yalnız öz mənfəətlərini düşünməsi səbəbindən də bu problem daha da çətinləşməkdə və anlaşılmazlıqlar artmaqdadır.
Halbuki Quran əxlaqını  yaşayan bir cəmiyyətdə bu kimi çətinliklər yaşanmaz. İnsanların evlilikləri kimi, boşanmaları da könül razılığı ilə olacağı üçün evlənərkən həyat yoldaşları arasında olan hörmət və sevgi, boşanarkən də eyni şəkildə qorunar. Çünki iki tərəf də bir-birini qadın və ya kişi olaraq deyil, Allaha iman edən insanlar olaraq, təqvalarına görə qiymətləndirər və buna görə gözəl davranarlar.
Bununla birlikdə, Quranda qadınların boşanma kimi hallarda  çətinliyə düşməmələri üçün   tədbir alınmışdır. Məsələn, qadınlar maddi cəhətdən qəti bir zəmanət altına alınmışlar. Hər iki tərəfin qarşılıqlı  razılaşması nəticəsində təyin olunan maddi kömək və boşanan qadınlara necə davranılması lazım olduğu ayələrdə belə təsvir edilir:
Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir. (Bəqərə Surəsi, 241)
Yaxınlıq etmədiyiniz və mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq edənlərə layiq şəkildə onlara bir şey versin!  Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. Sizin bağışlamağınız müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir. (Bəqərə Surəsi, 236-237)
Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər. (Talaq Surəsi, 7)
Bundan başqa, qadınlara evlilik əsnasında verilmiş malların boşandıqdan sonra geri alınmaması  da ayələrdə ifadə edilmişdir. Boşanan qadınların sığınma ehtiyaclarının təmin edilməsi də ayələrdə diqqət çəkilən mövzulardandır.
Bura qədər izah edilənlərdə də göründüyü kimi, çıxış yolu yenə Quran əxlaqının yayılmasındadır. Quran əxlaqının yaşandığı cəmiyyətdə digər bütün ictimai problemlərdə olduğu kimi qadınların çətin vəziyyətdə qalmaları, onlara  xor baxılması, çətinlik çəkmələri kimi hallardan söz edilə bilməz.